Kanadanın Baş naziri Mark Karni (Mark Carney) amerikalı milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Maskın Kvebek, Alberta və Saskaçevan əyalətlərinin ölkədən ayrılması barədə bəyanatlarına kəskin münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Karni kanadalıların öz dili, mədəniyyəti və dəyərlərinə uyğun yaşamaq hüququna malik olduqlarını vurğulayıb.
Baş nazir bu prosesə xarici müdaxilələrin yolverilməz olduğunu qeyd edərək deyib: “Kanadalılar öz gələcəklərini xarici hökumətlərin və böyük texnologiya korporasiyalarının təsirindən uzaq, müstəqil şəkildə müəyyən etməlidirlər. Kanadanın gələcəyinə yalnız kanadalılar və Kvebek xalqının prioritetləri qərar verəcək”.
Alberta və Saskaçevan rəhbərliyi ayrılma ideyalarını rədd edir Açıklama Alberta əyalətində oktyabrın 19-da keçiriləcək səsvermə ərəfəsinə təsadüf edir. Səsvermədə Albertanın Kanadanın tərkibində qalması və ya gələcəkdə mümkün separatizm referendumu barədə sakinlərin rəyi öyrəniləcək. Albertanın Baş naziri Daniel Smit (Danielle Smith) Edmonton şəhərində çıxış edərkən Kanadanın tərkibində qalmağın tərəfdarı olduğunu açıqlayıb. D.Smit federal hökumətlə konstruktiv dialoqun qurulduğunu və ayrılma meyllərinin zəiflədiyini diqqətə çatdırıb. Saskaçevanın Baş naziri Skott Mo (Scott Moe) isə İlon Maskın çağırışına cavab olaraq "X" platformasındakı hesabında qısaca "Xeyr" sözünü yazmaqla kifayətlənib.
Xatırladaq ki, İlon Mask öz sosial şəbəkə hesabında Kanadadakı daxili siyasi müzakirələrə toxunaraq, "Kvebek, Alberta və Saskaçevan ölkədən ayrılmalıdır, bu onlar üçün daha yaxşı olar" məzmunlu bəyanatla çıxış etmişdi.