ABŞ Prezidenti Donald Tramp ABŞ müttəfiqlərinin və İranda olan vətəndaşların ölkəni dərhal tərk etməli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o, bu açıqlama ilə yanvarın 13-də Detroytda “Ford” avtomobil zavoduna səfəri zamanı çıxış edib.
CNN-in məlumatına görə, Tramp ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi ilə bağlı suala cavabında deyib:
“Deyərdim ki, İranı tərk etmək pis fikir deyil”.
ABŞ Prezidenti İranda hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayı ilə bağlı da danışıb. Dəqiq rəqəm açıqlamayan Tramp ölənlərin sayının yüksək olduğunu vurğulayıb.
“Heç kim dəqiq rəqəm deyə bilməyib. Çoxlu sayda ölüm hadisəsinin olduğunu deyən məlumatlar eşitmişəm. Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik”, – deyə Tramp qeyd edib.
Tramp Vaşinqtonun İrandakı etirazçılara yardım göstərəcəyi ilə bağlı əvvəlki bəyanatına da toxunub. Lakin yardımın mahiyyəti barədə ətraflı məlumat verməyib.
“Bunu öyrənəcəksiniz”, – deyə o, jurnalistlərin sualını cavablandırıb.