Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov yığmanın son oyunlardakı çıxışından narazılığını bildirib. O, Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyinə həsr olunan veteranların görüşündən sonra komandanın oyununu dəyərləndirib.
Əhmədov qeyd edib ki, Azərbaycan millisi Litva ilə səfər matçında və Lixtenşteynlə qarşılaşmada potensialından aşağı çıxış edib. Onun sözlərinə görə, Ukrayna və Fransa ilə oyunlarda görünən motivasiya son görüşlərdə olmayıb.
Sabiq futbolçu komandada nizam-intizam çatışmazlığının da hiss edildiyini vurğulayıb. O, Lixtenşteynlə oyunda hücumçular Musa Qurbanlı və Mahir Emrelinin fərdi şəkildə qol vurmağa çalışdığını, hücum xəttində uyğunluğun alınmadığını söyləyib.
Əhmədov futbolçuların bir qisminin klublarında müntəzəm oynamamasını problemlərdən biri sayır. Onun fikrincə, az oyun praktikası yığmanın çıxışına təsir edir. Sabiq futbolçu hər iki matçda beş müdafiəçi ilə oynanılmasının hücumda say üstünlüyü yaratmağa mane olduğunu da bildirib.
Əhmədov əlavə edib ki, millidən daha yaxşı nəticələr gözlənilir və belə qarşılaşmalarda xal itirmək qəbulolunmazdır. O, futbolçularda milli ruhun, Azərbaycan sevgisinin və azarkeşlərə qarşı məsuliyyət hissinin vacibliyini vurğulayıb.
Veteran futbolçu Azərbaycan futbolunun bir sıra ölkələrdən geri qaldığını da qeyd edib. Onun sözlərinə görə, yerli çempionatda legionerlərin çoxluğu yerli oyunçuların inkişaf imkanlarını məhdudlaşdırır.