Ölkədə həyata keçirilən sosial siyasət, əhalinin rifahının yaxşılaşdırılması, xüsusilə də pensiya, müavinət və tələbə təqaüdlərinin artırılması istiqamətində atılan addımlar hər zaman cəmiyyətin ən çox müzakirə etdiyi, böyük maraqla izlədiyi mövzulardandır. Dövlətin sosial paketi genişləndirmək strategiyası həm təqaüdçülərin, həm də gənclərin gələcəyə olan inamını daha da möhkəmləndirir.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır:

"Davamlı olaraq müxtəlif mühüm qərarlar qəbul edilir, ardıcıl və məqsədyönlü addımlar atılır. Biz dövlətimizin bu sahəyə nə qədər həssaslıqla yanaşdığının hər an şahidiyik. Bu, heç şübhəsiz ki, dövlətimizin öz vətəndaşına göstərdiyi ali diqqətin və qayğının bariz nümunəsidir. Hər il olduğu kimi, bu il də müvafiq addımların atılması istisna edilmir. Dövlətimiz bu ənənəni davamlı olaraq sürdürür və növbəti dövrdə də analoji qərarların qəbul olunacağı gözləniləndir. Pensiyaların artırılması və sosial paketin genişləndirilməsi hər zaman prioritetdir. Əminəm ki, yaxın zamanlarda bu istiqamətdə vacib qərarlar veriləcək və yeni addımlar atılacaq. Qəbul olunacaq yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcəkdir".
"Tələbə təqaüdlərinin artırılmasını insan kapitalının inkişafı baxımından şərh edən təhsil eksperti Əmrah Həsənli də açıqlamasında vurğulayıb ki, son illərin təcrübəsi bakalavr, magistr və doktorantların təqaüdlərinin artırılmasının dövlətin ali təhsilə və gənclərə göstərdiyi diqqətin davamlı xarakter daşıdığını sübut edir:

"Mövcud iqtisadi dinamikanı, inflyasiya faktorunu, xüsusən də tələbələrin gündəlik yaşayış, nəqliyyat və təhsil xərclərini nəzərə alsaq, bu il də təqaüdlərdə növbəti artımın olması gözləniləndir. Son vaxtlarda paytaxtda və iri şəhərlərdə yaşanan nəqliyyat sıxlığı, yollardakı mürəkkəb durum tələbələrin də gündəlik həyatına birbaşa təsir edir. Nəqliyyat xərclərinin, təhsil materiallarının və ümumi yaşayış ehtiyaclarının qarşılanması baxımından təqaüdlərin artırılması tələbələrə çox mühüm sosial dəstək mexanizmidir. Tələbə bilməlidir ki, dövlət onun sosial rifahını düşünür və bu dəstək onun üzərindəki maddi yükü nisbətən yüngülləşdirir".
Ekspert əlavə edib ki, bu təqaüdlər təkcə sosial yardım deyil, həm də təhsilin keyfiyyətinə və gənclərin motivasiyasına birbaşa təsir göstərən strateji bir sərmayədir:
"Məsələyə bir neçə istiqamətdən baxmaq lazımdır. Birincisi, akademik göstəricilərə görə diferensiallaşdırılmış təqaüd sistemi tələbələr arasında sağlam rəqabət mühiti yaradır. Tələbə daha yüksək təqaüd almaq üçün dərslərinə daha məsuliyyətlə yanaşır ki, bu da birbaşa təhsilin keyfiyyət göstəricilərinə müsbət təsir edir. İkincisi isə adekvat təqaüd alan tələbə dərsdənkənar vaxtlarda sırf dolanışıq üçün təhsilinə mane olacaq ağır işlərdə çalışmaq məcburiyyətində qalmır, diqqətini tam olaraq elmi və akademik fəaliyyətə yönəldə bilir. Yəni təqaüdlərin artırılması təkcə sosial dəstək deyil, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə və insan kapitalının inkişafına yatırılan strateji bir sərmayədir".