Suriyanın müxtəlif bölgələrində, xüsusilə ölkənin şimal və şərq ərazilərində yağan güclü yağışlar daşqınlara səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, daşqın nəticəsində bir sıra yollar bağlanıb.
Oktyabrın 30-da Suriyanın Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması Nazirliyi Rakka, Deyr əz-Zor və Hələb bölgələrində beş nəfərin həlak olduğunu açıqlayıb.
Ölənlərdən dördünün uşaq olduğu bildirilir. Daha beş nəfər isə itkin düşüb.
Noyabrın 2-də Suriyanın Müdafiə Nazirliyi Rakka bölgəsinin Təbqa şəhərində daşqın nəticəsində itkin düşən iki nəfərdən birinin meyitinin aşkar edildiyini qeyd edib. Digər itkin şəxsin axtarışları davam etdirilir.
Daşqın nəticəsində Rakka əyalətində körpülərdən biri uçub. Bu səbəbdən əyaləti qonşu Hələb bölgəsi ilə birləşdirən avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Küveyt və Bəhreyn Suriyada baş verən daşqınlar və insan tələfatı ilə əlaqədar ölkəyə dəstək və başsağlığı ifadə ediblər.