NATO-nun rəsmi nümayəndəsi Allison Hart Ukraynadakı müharibənin ədalətli və dayanıqlı şəkildə başa çatdırılmasına yönəlmiş diplomatik təmasların intensivləşdiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hart yazılı açıqlamasında Mayami və Osloda keçirilən məxfi sülh görüşlərinin davamı olaraq bu həftə Brüsseldə kritik toplantının baş tutacağını bildirib.
Açıqlamaya əsasən, NATO təmsilçiləri Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin yüksəksəviyyəli nümayəndələri ilə bir araya gələcəklər. Məsləhətləşmələrdə müharibənin başa çatdırılması üçün izləniləcək birgə yol xəritəsi müzakirə olunacaq. Görüşün dəqiq tarixi, iştirakçıların statusu və gündəliyin təfərrüatları hələlik məfhi saxlanılır.
ABŞ-nin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq diplomatik təşəbbüslər çərçivəsində bundan əvvəl Mayami və Osloda gizli sınaq təmasları baş tutub.
Həmin danışıqlarda tərəflər olası sülh sazişinin baza prinsiplərini, Kiyevə verilməsi nəzərdə tutulan beynəlxalq təhlükəsizlik zəmanətlərini və müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturasını nəzərdən keçiriblər. NATO və alyansın Avropa müttəfiqləri Ukraynada uzunmüddətli sülhün və ölkənin suverenliyinin təmin olunmasının prioritet olduğunu bir daha xatırladıblar.