Hindistanın Uttarakhand ştatında Himalay dağlarında qar uçqunu nəticəsində itkin düşən 7 alpinist və 1 bələdçinin axtarışları davam etdirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” "Press Trust of India" (PTI) agentliyinə istinadən xəbər verir ki, dağçılar qrupu oktyabrın 27-də Kedartal bölgəsində üçgünlük yürüşə çıxıb. Oktyabrın 29-da ərazidə əlverişsiz hava şəraiti fonunda güclü qar uçqunu baş verib və həmin vaxtdan etibarən qrup ilə əlaqə kəsilib.
Himalay bölgəsində itkin düşənlərin tapılması üçün əraziyə 10 nəfərlik xüsusi axtarış-xilasetmə dəstəsi göndərilib.
Uttarkashi rayonunun Kedartal ərazisi yaxınlığında axtarışlar zamanı qar altında qalmış çadır, geyim, ayaqqabılar və ərzaq ehtiyatları aşkarlanıb. Lakin 2-3 kilometrlik radiusda aparılan intensiv baxışlara baxmayaraq, alpinistlərin izinə rast gəlinməyib. Güclü qar yağışı, zəif görünüş məsafəsi və yeni uçqun təhlükəsi xilasetmə əməliyyatlarını kəskin çətinləşdirir.
Rəsmilərin verdiyi məlumata görə, yürüş qrupunu müşayiət edən 3 hambal və 1 aşpaz üç gün əvvəl xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Əlverişsiz hava şəraitinə görə hündürlüyü 4 min metrdən çox olan bütün yürüş marşrutları müvəqqəti bağlanıb.