ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Hörmüz boğazında gəmi hərəkətinin pozulması dünya miqyasında müxtəlif qənaət tədbirlərinin görülməsinə yol açıb. Boğazın faktiki bağlanması qlobal iqtisadiyyatın enerji, ticarət və maliyyə sistemləri üçün ciddi təzyiq mənbəyinə çevrilib.
Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki gərginliyin qlobal neft tədarükündə tarixin ən böyük fasiləsinə səbəb olduğunu bildirib. Agentlik yanacaq istehlakını azaltmaq üçün radikal tədbirlər görməyə çağırış edərək, uzaqdan iş modelinə keçilməsini və magistral yollarda sürət limitlərinin ən azı 10 kilometr azaldılmasını tövsiyə edib.
Bir sıra ölkələr enerji böhranına qarşı müxtəlif addımlar atıblar:
- Vyetnam: Sənaye və Ticarət Nazirliyi vətəndaşlara evdən işləməyi və ictimai nəqliyyatdan istifadəni, iş yerlərinə isə uzaqdan iş rejiminə keçməyi tövsiyə edib.
- Nepal: Dövlət idarələri və təhsil müəssisələrində həftəlik istirahət günlərinin şənbə və bazar olmaqla iki günə çatdırıldığını elan edib.
- Cənubi Koreya: Enerji istehlakı baxımından ilk 50 şirkətdən qənaət planları hazırlamalarını tələb edib və hədəflərə çatanlara təşviqlər vəd edib. Həmçinin, parlament 26,2 trilyon von (17,7 milyard dollar) həcmində əlavə büdcə layihəsini təsdiqləyib.
- Tayland: Dövlət qurumlarında çalışan əməkdaşların evdən işləməsi barədə göstəriş verib, Baş nazir Anutin Charnvirakul özəl sektoru da bu modelə keçməyə çağırıb.
- Malayziya: Dövlət qurumlarında çalışanların uzaqdan iş rejiminə keçəcəyini açıqlayıb.