ABŞ-nin fəaliyyəti beynəlxalq nüvə silahlarının yayılmaması rejimini pozur və yeni silahlanma yarışının yaranması riskini artırır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirlər Şimali Koreyanın Xarici İşlər Nazirliyinin memorandumunda bildirilib.
Memorandumda qeyd olunub ki, ABŞ-nin nüvə silahlarının şaquli və üfüqi yayılmasına yönəlmiş açıq fəaliyyəti beynəlxalq nüvə silahlarının yayılmaması rejiminin əsaslarını zəiflədir və bütün dünyada sülh və təhlükəsizliyə təhdid yaradan əsas amillərdən birinə çevrilir.
Pxenyan "şaquli yayılma" anlayışı altında, ilk növbədə, ABŞ-nin öz nüvə arsenalını genişləndirməsini və modernləşdirməsini nəzərdə tutur.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-nin LGM-35A Sentinel qitələrarası ballistik raketinin, B-21 strateji bombardmançılarının və "Columbia" sinfinə aid sualtı qayıqların hazırlanması, B61 nüvə bombalarının yeni modifikasiyalarının yaradılması, eləcə də "Golden Dome" raketdən müdafiə sisteminin qurulması planlarını qeyd edib.
Memorandumda "üfüqi yayılma" məsələsinə də ayrıca yer ayrılıb. Şimali Koreya XİN Vaşinqtonu nüvə texnologiyalarını müttəfiqlərinə ötürməkdə, müvafiq vasitələri ABŞ ərazisindən kənarda yerləşdirməkdə və Avropa və Asiyadakı tərəfdaşları ilə genişləndirilmiş çəkindirmə mexanizmlərini inkişaf etdirməkdə ittiham edib.
Bu kontekstdə NATO, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS tərəfdaşlığı, həmçinin Cənubi Koreya və Yaponiya ilə əməkdaşlıq nümunə kimi göstərilib.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, Pxenyanın gələcək siyasəti milli maraqların və regional təhlükəsizliyin qorunması zərurəti ilə müəyyənləşəcək.