Səudiyyə Ərəbistanının xaricə səyahət bazarı hazırkı təxminən 35 milyard dollardan 2030-2034-cü illərdə 60 milyard dollardan yuxarı səviyyəyə yüksələ bilər.
Bu barədə Ər-Riyadda keçirilən “WTM Spotlight Riyadh” tədbirinin ikinci günündə müzakirələr zamanı məlumat verilib. Paneldə Səudiyyə turistlərinin dəyişən seçimləri, ailələr üçün nəzərdə tutulan turizm məhsulları və ölkə vətəndaşları arasında populyarlıq qazanan istiqamətlər müzakirə olunub.
“The $35BN Opportunity - How and Where to Capture Outbound Demand” adlı paneldə “Perfetti Hospitality” şirkətinin baş icraçı direktoru Turab Saleem və “almatar” şirkətinin baş icraçı direktoru Faisal Alrajhi Səudiyyə turistlərinin seçimlərinə təsir edən amilləri nəzərdən keçiriblər.
Müzakirələrə görə, Səudiyyə Ərəbistanı əhalisinin təxminən 70 faizi 35 yaşdan aşağıdır. Bir turistə düşən xərclərin isə qlobal orta göstəricidən təxminən 11 dəfə çox olduğu bildirilir.
Faisal Alrajhi qeyd edib ki, səyahət qərarlarında şəxsi tövsiyələr mühüm rol oynayır. Bununla belə, marağın real rezervasiyaya çevrilməsi üçün bir neçə amilin eyni vaxtda uyğunlaşdırılması tələb olunur.
Panel iştirakçıları ailəvi səyahətlərin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bir çox turist ailə üzvləri üçün ayrı-ayrı otaqlar sifariş etməkdənsə, birlikdə rahat qala biləcəkləri daha geniş məkanlara üstünlük verir.
Çin Səudiyyə turistləri üçün yeni istiqamət kimi göstərilib
Çin də Səudiyyə turistləri arasında potensialı artan istiqamətlərdən biri kimi diqqətə çatdırılıb. Turab Saleem iki ölkə arasında təhsil və biznes əlaqələrinin genişləndiyini bildirib.
Onun sözlərinə görə, Çin yaxın vaxtlarda sağlamlıq turizmi sahəsində də Səudiyyə turistləri üçün əhəmiyyətli istiqamətə çevrilə bilər.
“Çin artıq biznes və təhsil sahələrində səudiyyəlilər üçün mühüm bazara çevrilir və mənim proqnozum budur ki, ölkə tezliklə əhəmiyyətli sağlamlıq turizmi istiqaməti kimi də açılacaq”.
Səudiyyənin yeni turizm məkanları təqdim olunub
Tədbir çərçivəsində Səudiyyə Ərəbistanının yeni turizm istiqamətləri də nümayiş etdirilib. “Soudah Mountain” stendi təbiəti, dağ mənzərələri və dəbdəbəli istirahət imkanları ilə tanınan Əsir bölgəsinin turizm potensialını təqdim edib.
“Soudah Peaks” layihəsi dəniz səviyyəsindən 3 015 metr yüksəklikdə yerləşən dəbdəbəli dağ turizmi məkanı olacaq. Soudah və Rical əl-Məa ərazilərinin dağlıq landşaftında yaradılacaq layihədə dəbdəbəli yerləşmə, pərakəndə satış, macəra və sağlamlıq turizmi imkanları nəzərdə tutulur.
“Qiddiya City” stendi isə ölkənin əyləncə, idman və istirahət sahəsindəki planlarını nümayiş etdirib. 360 kvadratkilometrdən çox ərazini əhatə edəcək şəhərdə Tüveyq dağlarının fonunda müxtəlif məkan və obyektlərin yaradılması planlaşdırılır.
Səudiyyə turistlərinin seçdiyi istiqamətlər
“Which Destinations Are Winning?” sessiyasında “Almosafer Travel & Tourism Co.” şirkətinin səyahət üzrə baş direktoru Rob Arrow səudiyyəli turistlərin xaricə səyahət seçimlərindəki dəyişikliklərdən danışıb.
İsveçrə, Türkiyə, Malayziya, Sinqapur və İndoneziya Səudiyyə turistləri arasında populyarlıq qazanan istiqamətlər kimi göstərilib. Viza prosedurlarının rahatlığı, birbaşa hava əlaqələri, mədəni əlçatanlıq və təcrübəyə əsaslanan səyahətlər seçimlərə təsir edən əsas amillər sırasındadır.
Tədbirdə Səudiyyə Ərəbistanının 2030-cu ildən sonrakı turizm məqsədlərini dəstəkləyəcək kadr potensialı müzakirə olunub. İştirakçılar təhsil, karyera inkişafı, ixtisaslaşmış bacarıqlar və liderlik məsələlərinə diqqət çəkiblər.
“WTM Spotlight Riyadh” iki günlük müzakirələr, işgüzar görüşlər və turizm istiqamətlərinin təqdimatından sonra başa çatıb. Tədbir Səudiyyə və beynəlxalq turizm iştirakçıları üçün “Vision 2030” çərçivəsində yeni tərəfdaşlıq və imkanları müzakirə etmək platforması yaradıb.