Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”u qəbul edəcək “Şamaxı” qarşılaşmaya tam heyətlə hazırlaşır. Klubun sözçüsü Yusif Hüseynlinin sözlərinə görə, millilərin düşərgəsində olan futbolçular bu gün komandaya qoşulacaqlar və onların arasında zədələnən yoxdur.
Hüseynli bildirib ki, hazırda “Şamaxı”nın heyətində nə cəzalı, nə də zədəli oyunçu var. Braziliyalı mərkəz müdafiəçisi David Santos da sıraya dönüb və matç üçün sifariş olunub. Onun meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək.
“Şamaxı” – “Turan Tovuz” oyunu noyabrın 21-də Şamaxı şəhər stadionunda keçiriləcək. Görüş saat 14:30-da başlayacaq. Şamaxı təmsilçisi 14 xalla turnir cədvəlinin yeddinci, Tovuz klubu isə 21 xalla üçüncü pilləsindədir.