Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda, eləcə də həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə tətbiq olunur.
Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.
Saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.
Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.
Bundan başqa, qanun layihəsinə əsasən, əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.
Nəticə etibarilə, əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin amak ödənişlərinın uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla avaz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.
Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əmək haqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.
Bundan başqa, dəyişikliklə əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.