Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonun kosmosa hərbi sistemlər yerləşdirdiyini etiraf etməsinə münasibət bildirərək, ABŞ-ni öz dar maraqları naminə bəşəriyyəti riskə atmaqda ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Zaxarova ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meinkin “Hava, Kosmos və Kiber Konfransı”nda ABŞ-nin orbitdə “kosmik nəzarət silahları” yerləşdirdiyini təsdiqləməsindən sonra sert reaksiya verib. Rusiya rəsmisi Vaşinqtonun kosmosda silahlı münaqişənin bütün bəşəriyyət üçün törədə biləcəyi fəlakətli nəticələri tamamilə görməzdən gəldiyini vurğulayıb.
O bildirib ki, Moskva kosmosda silahların yerləşdirilməsinin qarşısını almaq, silahlanma yarışına son qoymaq və şəffaflığı artırmaq məqsədilə BMT Baş Assambleyasının Birinci Komitəsinə 3 əsas qətnamə layihəsi təqdim edəcək.
Bildirilib ki, analitiklər və müdafiə ekspertləri ABŞ-nin bu sistemlərini düşmən peyklərinin rabitəsini kəsən elektron müharibə vasitələri, radio maneə kompleksləri və ya “ovçu” peyklər kimi dəyərləndirirlər. Bəyanatın eyni zamanda orbitdə hərbi imkanlarını sürətlə inkişaf etdirən Çin və Rusiyaya siyasi mesaj xarakteri daşıdığı qeyd olunur. Çin və Rusiyanın da uzun müddətdir peyk əleyhinə texnologiyalar və manevr imkanlarına malik kosmik platformalar üzərində sınaqlar apardığı vurğulanır.