Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun iyulun 7-8-də Ankarada keçirilən sammiti ilə bağlı açıqlama yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zaxarova NATO Baş katibi Mark Ruttenin tədbiri tarixi hadisə kimi qiymətləndirməsinə baxmayaraq, sammitin konkret nəticələr vermədiyini və alyans daxilindəki fikir ayrılıqlarının aradan qaldırılmadığını iddia edib.
Məlumata görə, Rusiya rəsmisi NATO ölkələrinin əsas diqqətini Rusiyaya qarşı müdafiə hazırlıqlarının gücləndirilməsinə yönəltdiyini bildirib.
Bildirilib ki, Zaxarovanın sözlərinə əsasən, Ankara sammitində müttəfiqlər Rusiyanı Avro-Atlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid kimi təqdim edən sənədləri qəbul ediblər. O, Moskvanın hücuma hazırlaşması ilə bağlı sübutların olmadığını iddia edərək, NATO-nun bu yanaşmasını qarşıdurma siyasəti kimi qiymətləndirib.
Qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Avropa ölkələrinin "kollektiv Qərb"in Rusiya ilə qarşıdurmasında ön mövqedə dayanmağa çalışdığını bildirib. Onun fikrincə, bu siyasət Avropada hərbi gərginliyi artırır və regionun resurslarını tükəndirir.
Məlumata əsasən, Zaxarova NATO ölkələrinin müdafiə xərclərinin artırılmasını da tənqid edib. O, bu vəsaitlərin sosial-iqtisadi problemlərin həllinə yönəldilə biləcəyini qeyd edib.
Bildirilib ki, Rusiya rəsmisi NATO-nun əsas istiqamətlərinin Avropanın hərbiləşdirilməsi, müdafiə potensialının artırılması, Rusiyaya qarşı hazırlıq və Ukraynaya hərbi dəstəyin davam etdirilməsi olduğunu iddia edib.
Sonda Mariya Zaxarova Qərb liderlərinin Ukraynaya münasibətini tənqid edərək, ölkənin "istifadə olunan vasitə" kimi görüldüyünü bildirib və NATO rəhbərliyini daha məsuliyyətli qərarlar qəbul etməyə çağırıb.