“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb
10.01.2025 14:52
Aa
dəq

Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

“Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.

REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirəcək.

Maliyyə Nazirliyinə REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin ETSN-in sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə isə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-nin sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə REİS, o cümlədən REİS-də toplanılan məlumatlar, eləcə də REİS-in və həmin məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılacaq.

Həftənin ən çox oxunanları