“Qarabağ”ın yarımmüdafiəçisi Reda Xadra karyerasında ilk dəfə Livan millisinə dəvət alıb. Baş məşqçi Məcid Buqerra 25 yaşlı futbolçunu noyabrda İraqda keçiriləcək beynəlxalq turnirin heyətinə daxil edib.
Dörd komandalı yarışda Livanla yanaşı, İraq, İran və Fələstin yığmaları iştirak edəcək. “San Antonio”da çıxış edən qapıçı Cozef Batruni də ilk dəfə milliyə çağırılıb. Hər iki futbolçunun dəvəti xaricdə çıxış edən livanəsilli oyunçuları komandaya cəlb etmək strategiyasının bir hissəsidir.
Turnirin təqvimi
Buqerra bildirib ki, Xadra ilə söhbətində onun Livanı təmsil etməyə həvəsli olduğunu görüb. Baş məşqçinin sözlərinə görə, futbolçunun səviyyəsi ilə yanaşı, ölkənin formasını geyinmək istəyi də vacibdir.
Almaniyada anadan olan Xadra karyerasında Dortmund “Borussiya”sının ikinci komandasında, “Brayton”, “Blekbern”, “Şeffild Yunayted”, “Birmingem”, “Reyms” və “Havr”da çıxış edib.
Livan turnirdə ilk oyununu noyabrın 13-də Bəsrədə İraqa qarşı keçirəcək. Final və üçüncü yer uğrunda görüş noyabrın 17-nə planlaşdırılıb.
Xadra avqustun 27-də “Qarabağ”a transfer olunub. Tərəflər 2+1 illik müqavilə imzalayıblar.