UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva oyununun baş hakimi Qustavo Korreya ilk dəfə ölkə təmsilçisinin matçını idarə edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, 34 yaşlı FIFA referisi daha əvvəl Azərbaycan klublarının və aşağı yaş qrupu üzrə yığmaların qarşılaşmasına təyinat almayıb.
Portuqaliyalı hakim karyerası ərzində ölkəsinin çempionat oyunları ilə yanaşı, Yunanıstan Superliqası və Səudiyyə Ərəbistanında da oyunları idarə edir.
O, cari mövsüm UEFA Çempionlar Liqasının, UEFA Konfrans Liqasının təsnifat mərhələsinin matçlarında da söz sahibi olub.
Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.