“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatının 13-cü turunda “Vilyarreal”la keçirilən oyundan sonra iki matçlıq diskvalifikasiya olunub. Bu barədə İspaniya Kral Futbol Federasiyasının saytında məlumat verilib. Görüş “Barselona”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hadisə matçın 74-cü dəqiqəsində, 23 yaşlı futbolçu əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında olarkən baş verib. Baş hakim Alehandro Ernandesin rəsmi protokoluna əsasən, Lopes yerindən qalxaraq ehtiyat hakimə yaxınlaşıb və hakim qərarlarına ucadan etiraz edib. O, hakimə ünvanlanan nalayiq ifadəni bir neçə dəfə təkrarlayıb.
Bundan sonra futbolçu qırmızı vərəqə göstərilməmişdən əvvəl özü paltardəyişmə otağına yollanıb. İntizam Komitəsi onun davranışını hakimə hörmətsizlik kimi qiymətləndirərək növbəti iki turda meydana çıxmamaq qərarı verib.
Beləliklə, “Barselona” La Liqada qarşıdakı oyunlarda “Deportivo” və “Atletiko Madrid”lə matçlara Fermin Lopesin köməyi olmadan çıxacaq.