İranlı müğənni Pərastoo Əhmədi və prodakşn komandasının dörd üzvü məcburi hicab qaydalarına əməl etmədən çıxış etdiyi videoya görə hər biri 74 şallaq cəzasına məhkum olunub. AnewZ-in məlumatına görə, bu barədə İran mediası xəbər yayıb.
Emtedad xəbər saytı noyabrın 24-də vəkil Mostafa Nilinin sözlərinə istinadən yazıb ki, beş nəfər internetdə “ictimai əxlaqa zidd davranmaqla, nalayiq və əxlaqsız məzmun hazırlayıb yaymaqda” ittiham olunub.
Əhmədiyə və digər dörd nəfərə iki il müddətinə sənət və musiqi fəaliyyəti ilə məşğul olmaq, eləcə də xaricə səfər etmək qadağan edilib. Emtedad Nilinin təqsirləndirilən şəxslərin hamısını təmsil edib-etmədiyini dəqiqləşdirməyib.
İran rəsmiləri Reuters-in cəzalarla bağlı şərh istəyinə dərhal cavab verməyib.
İş 2024-cü ilin dekabrında yayımlanan videodan sonra başlanıb. Həmin videoda Əhmədi kişi musiqiçilərin müşayiəti ilə baş örtüyü olmadan çıxış edib. Norveçdə yerləşən Hengaw insan haqları təşkilatının məlumatına görə, çəkiliş Tehran şəhərinin cənubundakı dini baxımdan mühafizəkar Qum şəhərində aparılıb.
Video qadınlardan ictimai yerlərdə saçlarını örtməyi tələb edən sərt geyim qaydalarına açıq şəkildə etiraz kimi diqqət çəkib.
İranda məcburi hicab qanunları hakimiyyətlə cəmiyyət arasında, xüsusən də Mahsa Amini 2022-ci ildə vəfat etdikdən sonra başlayan etirazlardan bəri gərginlik mənbəyidir. 22 yaşlı kürd əsilli iranlı Amini geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həbsdə ölüb.
Onun ölümü “Qadın, Həyat, Azadlıq” şüarı ilə ölkə miqyaslı etirazlara səbəb olub. Etirazçılar qadın hüquqlarına və şəxsi azadlıqlara qoyulan məhdudiyyətlərə qarşı çıxıblar.
O vaxtdan bəri, xüsusən Tehran və digər böyük şəhərlərdə daha çox qadın baş örtüyü olmadan ictimaiyyət qarşısına çıxır. Qaydaların tətbiqi daha seçici xarakter alsa da, İran hakimiyyəti qanunun qüvvədə qaldığını bildirir.
Şallaq cəzası Qərb hökumətləri və insan haqları təşkilatlarının geniş tənqidinə səbəb olub. Onlar bu cəza növünü işgəncə və beynəlxalq hüququn pozulması kimi qiymətləndirirlər.
İran insan haqları sahəsindəki vəziyyətinə dair tənqidləri dəfələrlə rədd edib və Qərb ölkələrinin öz insan haqları problemlərini həll etməli olduğunu bildirib.