Qrenlandiya və Antarktida 1979-cu ildən bəri birlikdə 11,3 trilyon ton buz itirib. Bu nəticə planetin buz örtükləri ilə bağlı bu günədək aparılmış ən əhatəli peyk araşdırmasında əksini tapıb.
Scientific Data jurnalında dərc olunan tədqiqat 27 peyk missiyasının məlumatlarına əsaslanır. Bu, buz örtüklərinin vəziyyətini izləyən ən uzunmüddətli məlumat toplusu hesab olunur. Araşdırmaya görə, buz itkisi qlobal dəniz səviyyəsinin təxminən 3,14 santimetr yüksəlməsinə səbəb olub.
Tədqiqatın aparıcı müəllifi, Nortumbriya Universitetinin iqlim üzrə alimi İnès Otosaka itkinin miqyasını təsəvvür etməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, 11,3 trilyon ton buz hündürlüyü 23 kilometr olan kubu doldurmağa kifayət edərdi.
Ümumi buz itkisinin təxminən 60 faizi Qrenlandiyanın payına düşüb. Bununla belə, Qrenlandiyanın buz örtüyü Antarktidanın buz örtüyündən təxminən səkkiz dəfə kiçikdir.
Araşdırma göstərib ki, buz itkisi 1970-ci və 1980-ci illərdə nisbətən sabit qalıb, 1990-cı illərdən isə sürətlənib. İtki tempi 1980-ci illərlə 2010-cu illər arasında dörd dəfə artıb.
Alimlərin bildirdiyinə görə, itkinin 84 faizi səthdə ərimə ilə deyil, buzlaqların okeana daha sürətlə buz axıtması ilə bağlıdır. Bu isə əsas səbəbin okeanların isinməsi olduğunu göstərir. Qrenlandiyada Yakobşavn buzlağının gündə 50 metrədək geri çəkildiyi qeyd olunub.
2020-2023-cü illər arasında buz itkisində müvəqqəti yavaşlama müşahidə edilib. Şərqi Antarktidada güclü qar yağıntısı və Qrenlandiyada daha sərin yay ayları digər ərazilərdəki itkiləri qismən kompensasiya edib.
Lakin tədqiqatçılar bunun əsas tendensiyanın dəyişməsi deyil, qısamüddətli hava şəraitinin nəticəsi olduğunu vurğulayıblar. Onların sözlərinə görə, buz örtüklərinin iqlim dəyişikliklərinə reaksiyası onilliklər çəkə bilər və istiləşmənin qarşısı alınsa belə, əlavə itkilər artıq qaçılmaz ola bilər.
İnès Otosaka bildirib ki, buz örtükləri hazırda dəniz səviyyəsinin yüksəlməsinin əsas səbəblərindən biridir və bu artımın təxminən 25 faizini təşkil edir. Onun sözlərinə görə, dəniz səviyyəsinin hər əlavə santimetr yüksəlməsi hər il 2-3 milyon insanı sahilyanı daşqın riski ilə üz-üzə qoyur.
Tədqiqatçılar hesab edirlər ki, buz örtüklərinin yaratdığı mövcud dəniz səviyyəsi artımı dünya üzrə əlavə 6-9 milyon insanı sahilyanı daşqın və eroziya riski qarşısında qoyur.