“Qarabağ” Misli Premyer Liqasının VII turunda “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Baş məşqçi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
Mütəxəssis futbolçularının oyunundan razı qaldığını və qələbənin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, rəqib müdafiədə kompakt və yaxşı təşkilatlanmış oynayıb, buna görə “Qarabağ” səbirli davranmalı idi. Qurbanov futbolçularının tapşırığın öhdəsindən gəldiyini qeyd edib.
Qurbanov futbolçuların vəziyyətini açıqlayıb
Baş məşqçi azarkeşlərə də təşəkkür edib. O bildirib ki, tərəfdarlar komandanın çempionatda 1000-ci oyununda tribunadan dəstək göstəriblər. Qurbanov qələbə ilə azarkeşlərin dəstəyini qarşılıqsız qoymadıqlarını deyib və “İmişli”nin baş məşqçisi Fərid Namazova uğurlar arzulayıb.
Qurbanov milli komandaların düşərgəsindən qayıdan və zədələrini sağaldan futbolçuların durumuna da toxunub. Onun sözlərinə görə, oyunçular adaptasiya və bərpa prosesini hələ tam başa çatdırmayıblar. Təxminən 20 gün ərzində futbolçuların böyük hissəsi komandadan ayrı olub, bəzi oyunçular isə zədəli olub.
Baş məşqçi komanda üzvlərinin məşqlərə istək və məsuliyyətlə yanaşdığını vurğulayıb. O, futbolçuların optimal idman formasını bərpa etməsi üçün vaxt lazım olduğunu, buna baxmayaraq, onların hamısından razı qaldığını bildirib.