Hindistanın paytaxtı Yeni Dehlidə seçki komissiyasının baş komissarı Gyanesh Kumarın istefası tələbi ilə keçirilən etirazlar bazar günü də davam edib. Polis aksiyalar zamanı yüzlərlə nümayişçini saxlayıb. Məhkəmə isə gənclərin rəhbərlik etdiyi “Cockroach Janta Party”nin (CJP) qurucusu Abhijeet Dipke və daha iki yüksəkvəzifəli şəxsin azadlığa buraxılmasına qərar verib.
Dipke və digər iki partiya rəsmisi şənbə günü Dehlidə təyyarədən düşərkən, Jantar Mantar meydanında keçirilməsi planlaşdırılan aksiyadan əvvəl saxlanılmışdı. CJP-nin məlumatına görə, məhkəmə onların ictimai asayişi qorumaq şərti ilə sərbəst buraxılmasını tapşırıb. Partiyanın hüquq məsələləri üzrə rəhbəri Ratna Singh bu barədə “X” platformasında paylaşım edib.
Dipkenin azad edilməsindən sonra partiya hesabında “Tarakanlar heç vaxt ölmür” ifadəsi paylaşılıb.
Bazar günü şəhərin bəzi hissələrində aksiyalar yenidən başlayıb. Kommunist partiyalarla əlaqəli tələbə təşkilatlarının üzvlərinin də qatıldığı gənc nümayişçilər polis tərəfindən saxlanılaraq nəqliyyat vasitələri ilə aparılıb.
Bütün Hindistan Tələbələr Assosiasiyası “X” platformasında saxlanılanlardan bəzilərinin polis maşınlarında döyüldüyünü iddia edib. “Reuters” bu iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib. Dehli polisi isə şərh istəklərinə dərhal cavab verməyib.
Şənbə günü 2 400 nəfər saxlanılıb
Dehli polisinin məlumatına görə, şənbə günü saxlanılanların sayı 2 400-ə çatıb. Məlumatlarda aksiyanın qarşısını almaq məqsədilə mərkəzi Dehlinin bəzi ərazilərinə girişin məhdudlaşdırıldığı da bildirilib.
Bazar günü şəhərdə minlərlə polis və paramilitar qüvvə xidmət aparıb. Bununla belə, metro stansiyaları yenidən açılıb, mobil internet xidmətləri bərpa olunub. Polisin bildirdiyinə görə, şənbə günü saxlanılanların əksəriyyəti həmin gecə sərbəst buraxılıb.
Etirazçılara qarşı tədbirlər müxalifət partiyalarının və hökumət tənqidçilərinin narazılığına səbəb olub. Onlar hakimiyyəti nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməkdə ittiham ediblər. BMT-nin insan hüquqları üzrə qurumu Hindistan hakimiyyətini dinc toplaşmaq hüququna hörmət edilməsini təmin etməyə çağırıb.
Hindistanın Xarici İşlər Nazirliyi BMT-nin müdaxiləsini rədd edib, qurumun yanaşmasını “seçici”, bəyanatını isə ölkənin daxili işlərinə “əsassız müdaxilə” adlandırıb.
Etirazçılar 2014-cü ildən hakimiyyətdə olan Baş nazir Narendra Modinin hökumətinə qarşı son dövrlərin ən diqqətçəkən aksiyalarından birini keçirirlər. Onlar seçici siyahılarında edilən dəyişikliklərin Modinin rəhbərlik etdiyi hakim Bharatiya Janata Partiyasına (BJP) qeyri-mütənasib üstünlük verə biləcəyini iddia edərək Gyanesh Kumarın istefasını tələb edirlər.
Seçici siyahılarında 130 milyonadək ad çıxarılıb
Mübahisənin mərkəzində seçici siyahılarının yoxlanılması prosesi dayanır. BJP-nin istinad etdiyi Seçki Komissiyasının məlumatına əsasən, bu proses nəticəsində siyahılardan təxminən 130 milyon ad çıxarılıb. Onlardan təxminən 63 milyon nəfərin yaşayış yerini dəyişdiyi, 30 milyon nəfərin isə tapılmadığı bildirilir.
Müxalifət partiyaları və digər tənqidçilər dəyişikliklərin BJP-ni dəstəkləmək ehtimalı daha az olan müsəlman seçicilərə və başqa azlıq qruplarına qeyri-mütənasib təsir göstərdiyini iddia edirlər. Seçki Komissiyası hər hansı siyasi partiyaya üstünlük verdiyini rədd edir. BJP isə rəqiblərini qanuni seçki prosedurlarını şübhə altına almaqla demokratiyaya zərər vurmaqda ittiham edir.
Mübahisə “Indian Express” qəzetinin sentyabrın sonlarında yaydığı məlumatdan sonra daha da kəskinləşib. Qəzet iki seçki komissarının seçici siyahılarında dəyişikliklər, qeydiyyat prosedurları və rəqəmsal sistemlərlə bağlı daxili narahatlıqlarını ifadə etdiyini yazıb. Komissiya daxili müzakirələrdə fikir ayrılıqlarının normal olduğunu bildirib.
CJP əvvəlcə internetdə satirik layihə kimi fəaliyyət göstərib, daha sonra təzyiq qrupuna çevrilib. Təşkilat daha əvvəl imtahan suallarının sızdırılması iddiaları ilə bağlı aksiyalar keçirib. Bu etirazlar Hindistanın təhsil nazirinin istefası tələblərinə də səbəb olub. CJP Kumar əleyhinə kampaniyasını “İkinci mövsüm” adlandırır və seçki sistemi islah olunana qədər mübarizəni davam etdirəcəyini bildirir.
Aksiyalarda iştirak edən tanınmış şəxslərdən biri solçu Bütün Hindistan Tələbələr Assosiasiyasının milli prezidenti, 29 yaşlı doktorant Neha Boradır. O, şənbə günü polis nümayişçilərin Jantar Mantar meydanına çatmasına mane olduqdan sonra saxlanılıb. Bora tərəfdarlarını təxminən 10 kilometr aralıda yerləşən Dilli Haat sənətkarlıq bazarında yenidən toplaşmağa çağırıb və saxlanıldığı müddətdə də aksiyaları davam etdirməyə səsləyib. Həmin gün azadlığa buraxılıb.
İnternetdə yayımladığı videoda Bora saxlanılmasının hərəkatı dayandırmayacağını deyib: “Mən saxlanılmışam. Hərəkat isə davam edir”.
Bora “Reuters”ə bildirib ki, fəallığa teatr və tələbə aksiyaları vasitəsilə başlayıb. O, 2019 və 2020-ci illərdə Hindistanın vətəndaşlıq qanununa qarşı etirazlarda iştirak edib, həmçinin işsizlik, imtahan qalmaqalları və etirazçılara qarşı polis əməliyyatları ilə bağlı kampaniyalar aparıb.
Onun sözlərinə görə, hazırkı səfərbərlik illər ərzində toplanmış ictimai narazılığın ifadəsidir və ümid insanlara qorxularını dəf etməyə kömək edir. Bora “Qorxu, əlbəttə, yoluxucudur. Amma ümid də yoluxucudur” deyib.
Etirazlar nümayişçilərin saxlanılmasına və hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq bazar günü də davam edib. CJP seçki sistemində dəyişiklik tələbi ilə təzyiqi davam etdirəcəyini bildirib. Seçki Komissiyası və hakim BJP isə seçici siyahılarının yenilənməsi prosesinin manipulyasiya edildiyi iddialarını rədd edir.