Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol komandasının qapıçısı Anastasiya Xlebalova EHF Avropa Kubokunda növbəti mərhələyə yüksəlmələrini şərh edib. O, APOEL üzərində 39:13 hesablı qələbədə komandasına kömək etməyə çalışdığını bildirib.
Xlebalova daha təcrübəli qapıçı Madina Musayevanın ona dəstək olduğunu deyib. Onun sözlərinə görə, Musayeva həm meydanda, həm də ehtiyat oyunçular skamyasından məsləhətlər verir, oyunları birlikdə izləyib təhlil etməyə kömək edir. Qapıçı komanda yoldaşı ilə yaxın münasibət qurduqlarını da vurğulayıb.
“Komandamızın növbəti mərhələlərdə də eyni səviyyəni qoruyacağına çox ümid edirəm və ona inanıram. Şəxsən daha çox çalışacağam və komandama kömək etməyə səy göstərəcəyəm”, – Xlebalova bildirib.
Mingəçevir təmsilçisi APOEL ilə hər iki oyunu öz meydanında keçirib və hər ikisində qalib gəlib: ilk qarşılaşma 40:18, ikinci oyun isə 39:13 hesabı ilə başa çatıb. “Kür”ün növbəti mərhələdəki rəqibi oktyabrın 13-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Üçüncü mərhələnin oyunları noyabrın 7-8-də və 14-15-də keçiriləcək.