Misli Premyer Liqasının VII turunda “Qarabağ” səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Yevlax şəhər stadionunda keçirilən görüş qonaqların üstünlüyü ilə başa çatıb.
Aleksey Kaşuk 59-cu dəqiqədə hesabı açıb. Jali Muaddib 88-ci dəqiqədə “Qarabağ”ın ikinci qolunu vurub.
Bu nəticədən sonra Ağdam klubu 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Dörd xalı olan “İmişli” isə doqquzuncu yerdədir.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0, “Sumqayıt” “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” matçı qolsuz bərabərliklə yekunlaşıb, “Zirə” və “Şamaxı” isə hərəyə bir qol vurub.