Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Prezident İlham Əliyev sentyabrın 22-də keçirilən müşavirədə bildirib ki, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı ölkədə yeni və müasir sənaye istiqamətinin formalaşmasına imkan verəcək.
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”, - dövlət başçısı deyib.
Prezidentin sözlərinə görə, proqramın icrası işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılmasına da təsir göstərəcək.
O qeyd edib ki, yeni layihələr nəticəsində ölkənin ixrac potensialı genişlənəcək və dövlət büdcəsinə əlavə gəlirlər daxil olacaq.
“Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək”, - İlham Əliyev vurğulayıb.