ABŞ-nin Avropada nüvə silahlarının yerləşdirilməsi imkanlarını genişləndirmək üçün NATO müttəfiqləri ilə danışıqlar apardığı bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Avropadakı tərəfdaşlarını qitənin təhlükəsizliyinə sadiq qaldığına inandırmağa çalışır. Bu məqsədlə ABŞ-nin Avropada nüvə bombardmançı təyyarələrinin yerləşdirildiyi ərazilərin genişləndirilməsi müzakirə olunur.
Məlumata görə, Amerika rəsmiləri mövcud bazaların sayının artırılması və daha çox ölkənin bu prosesə cəlb olunması variantlarını nəzərdən keçirirlər.
"Financial Times"a danışan mənbələrin sözlərinə görə, bu qərar gələcəkdə əlavə Avropa ölkələrinin öz ərazilərində nüvə zərbələri endirmək imkanına malik ABŞ təyyarələrini qəbul etməsinə şərait yarada bilər.
Qeyd olunur ki, Polşa və Baltikyanı ölkələr artıq Vaşinqtonun təşəbbüsünə müsbət yanaşıblar. Həmin ölkələrin ABŞ-nin nüvə bombardmançı təyyarələrini öz ərazilərində yerləşdirməyə hazır olduqları bildirilir.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.