Finlandiya Prezidenti Aleksander Stubb ölkəsinin Fransa təşəbbüsü çərçivəsində inkişaf etmiş nüvə çəkindirməsinə qoşulmasının ərazidə nüvə silahı yerləşdirilməsi anlamına gəlmədiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat Finlandiya dövlət başçısının sosial şəbəkə bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Stubb Fransa təşəbbüsünün NATO çərçivəsindəki nüvə çəkindirməsini əvəz etmədiyini və onunla üst-üstə düşmədiyini qeyd edib. Onun sözlərinə görə, Finlandiyanın əsas vəzifəsi NATO və Avropa İttifaqının bir hissəsi kimi fəaliyyət göstərməkdir. Prezident “Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil” deyə vurğulayıb.
Bildirilib ki, Finlandiya daha əvvəl Fransanın irəli sürdüyü “inkişaf etmiş nüvə çəkindirməsi” layihəsinə qoşulmaq qərarına gəlib. Bu təşəbbüsün iki ölkə arasında tərəfdaşlığı gücləndirəcəyi, strateji siqnalların verilməsi və nüvə həddindən aşağı eskalasiyanın idarə olunması üçün imkanlar yaradacağı gözlənilir. Əməkdaşlığın həyata keçirilməsinə başlamaq üçün yaxın aylarda nüvə məsələləri üzrə rəhbər qrupun yaradılması planlaşdırılır.