Finlandiyanın Fransanın “qabaqcıl nüvə çəkindirməsi” təşəbbüsünə qoşulması regionun təhlükəsizlik arxitekturasında mühüm addım kimi qiymətləndirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə iki ölkənin müdafiə idarələrinin birgə bəyanatında məlumat verilib.
Məlumata görə, Finlandiya sözügedən təşəbbüsə qoşulan 10-cu ölkə olub. Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülən bu konsepsiya ABŞ-nin birbaşa iştirakı olmadan Avropada nüvə çəkindirməsi üzrə strateji dialoqu və hərbi əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Təşəbbüs çərçivəsində tərəfdaş ölkələrin birgə təlimlərdə iştirakı, Fransa Strateji Hava Qüvvələrinə məxsus təyyarələrin müvəqqəti olaraq müttəfiq ölkələrin ərazisində yerləşdirilməsi və təhlükəsizlik məsləhətləşmələrinin aparılması planlaşdırılır.
Bildirilib ki, Helsinki sülh dövründə ölkə ərazisində daimi nüvə silahı yerləşdirməyi planlaşdırmadığını rəsmən bəyan edib. Finlandiya Prezidenti Aleksander Stubb bu addımın ilk növbədə Avropanın təhlükəsizliyini möhkəmləndirməyə xidmət etdiyini və NATO-nun nüvə çəkindirmə mexanizmini əvəz etmədiyini vurğulayıb. Fransa öz nüvə arsenalı üzərində eksklüziv milli nəzarəti saxlayacaq. Daha əvvəl Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç, Danimarka və Norveç bu təşəbbüsə daxil olub.