İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl hava limanında jurnalistlərə mühüm bəyanatlar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, Pezeşkian BMT-nin builki sessiyasının “Etimadı yenidən bərpa etmək” şüarını tənqid edərək, beynəlxalq təşkilatların insan hüquqları və hüquqi mexanizmlərə laqeyd yanaşdığı bir şəraitdə etimaddan danışmağın ziddiyyətli olduğunu vurğulayıb.
İran dövlət başçısı Nyu-Yorkda keçiriləcək sessiyada İrana qarşı həyata keçirilən təzyiqləri və ölkəsinin haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağını bəyan edib. O, qarşı tərəfin Fələstin və Suriyada hücumlarını davam etdirdiyini diqqətə çatdırıb.
Pezeşkian, həmçinin ABŞ administrasiyasının İranın media nümayəndə heyətinə viza vermədiyini açıqlayıb. O, Vaşinqtonun bu addımını İranın həqiqətləri və ABŞ-nin törətdiyi əməlləri səsləndirməsindən duyduğu narahatlıqla əlaqələndirib. İran prezidenti bildirib ki, bütün məhdudiyyətlərə baxmayaraq, ölkəsinin mövqeyini Nyu-Yorkda fəaliyyət göstərən beynəlxalq media vasitəsilə çatdıracaqlar.