2026/2027-ci tədris ili üçün peşə təhsilinə 33 120 plan yeri ayrılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb:
"2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsilinə aiddir. Həmçinin xatırladım ki, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, yeni tədris ili üzrə peşə təhsilinə 28 140 tələbənin qəbul olunması hədəflənir".
İ.Bayramlı qeyd edib ki, qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir:
"Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52 % artıb".