Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyətlər artıq yalnız həftəsonlarını deyil, həftənin bütün günlərini əhatə edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, qərar mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədilə qəbul edilib.
Məhdudiyyətlər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, eləcə də Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil olunacaq.
AYNA-nın məlumatına görə, təşəbbüs piyada zonaları arasında əlaqəliliyin artırılmasına, şəhər mərkəzində daha rahat və təhlükəsiz mühitin yaradılmasına, həmçinin ərazinin turizm və biznes potensialının inkişafına xidmət edir.
Kimlərin girişinə icazə veriləcək?
Yeni qaydalar bütün nəqliyyat vasitələrinə eyni şəkildə tətbiq edilməyəcək.
Fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.
Yeni qaydaların tətbiqinə 5 oktyabrdan test rejimində başlanılacaq.
Hansı küçələrdə məhdudiyyət olacaq?
- Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsi
- Əbdülkərim Əlizadə küçəsi
- Hacı Zeynalabdin Tağıyev küçəsi
- Tərlan Əliyarbəyov küçəsi
- Yusif Məmmədəliyev küçəsi