“Maklaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisində Franko Kolapinto ilə yaşadığı insidentdən sonra aralarındakı anlaşılmazlığı necə aradan qaldırdıqlarını açıqlayıb. GPblog-un məlumatına görə, Norris söhbətin qarşılıqlı üzrxahlıqla başa çatdığını deyib.
“Hər şey yaxşı keçdi. Uzun-uzadı danışmağa ehtiyac olmadı. Dediyim bəzi yanlış sözlərə görə ondan üzr istədim. O da insidentə və qəzaya görə məndən üzr istədi”, – Norris bildirib.
Britaniyalı pilot Kolapinto ilə münasibətinin yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, onlar trek gəzintisi və brifinqlər zamanı tez-tez söhbət edirlər. Norris cəza məsələsi ilə bağlı qərarın onun səlahiyyətində olmadığını da qeyd edib.
Norris əlavə edib ki, üzrxahlığını əvvəlcə birbaşa Kolapintoya çatdırıb və bunu sosial şəbəkələrdə etməyə ehtiyac görməyib. Bununla belə, insident ətrafındakı müzakirələrə görə, haqsız olduğunu etiraf etdiyini ictimaiyyətə də bildirməyi düzgün sayıb. O, televiziyada səsləndirdiyi fikirlərin öz mövqeyini tam əks etdirmədiyini deyib.