Hazırda "Bavariya" klubunda icarə əsasında çıxış edən "Çelsi"nin hücumçusu Nikolas Ceksonun İtaliya çempionatına keçmək ehtimalı yüksəkdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münxen təmsilçisi futbolçunun transfer hüququnu tam almamaq qərarına gəlib.
Eyni zamanda, London klubu da seneqallı oyunçuya gələcək planlarında yer verməyi düşünmür.
Jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, "Yuventus" rəhbərliyi vəziyyəti diqqətlə izləyir və hücumçunu icarəyə götürmək variantını nəzərdən keçirir.
Bununla yanaşı, digər İtaliya nəhəngi "Milan" da 24 yaşlı forvardın xidmətində yaxından maraqlıdır.
Cari mövsüm ərzində Nikolas Cekson "Bavariya"nın forması ilə ümumilikdə 30 oyuna çıxıb.
O, bu görüşlərdə 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalının son qiymətləndirməsinə əsasən, gənc futbolçunun hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.