Niderland Krallığı Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin araşdırılması, məzar yerlərinin müəyyənləşdirilməsi və tapılan meyit qalıqlarının identifikasiyası məqsədilə maliyyə yardımı ayıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Sputnik Armenia" agentliyinin yaydığı məlumata əsasən, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen İrəvanda ermənistanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Niderland diplomatiyasının rəhbəri bildirib ki, ayrılacaq yeni maliyyə dəstəyi Beynəlxalq İtkin Şəxslər Komissiyası (ICMP) vasitəsilə yönəldiləcək. Maliyyə paketinin əsas məqsədi postmünaqişə dövründə humanitar problemlərin həllinə töhfə vermək, kütləvi məzar yerlərində qazıntı işlərini sürətləndirmək və DNT analizləri vasitəsilə identifikasiya prosesini dəstəkləməkdir.
Berendsen maliyyə dəstəyi ilə yanaşı, ehtiyac yarandığı təqdirdə ekspertiza və texniki dəstək kimi digər yardım formalarının da istisna olunmadığını vurğulayıb.
Region gələrək əvvəlcə Bakıda rəsmi görüşlər keçirən, daha sonra İrəvana səfər edən Niderlandlı nazir Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində atılan addımları alqışladıqlarını diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Ermənistan tərəfinin rəsmi statistikasına görə, 2026-cı il martın 3-nə olan məlumata əsasən, bu ölkədə 195 nəfər (175 hərbçi, 20 mülki şəxs) itkin düşmüş hesab olunur.
Qeyd edək ki, Azərbaycan tərəfi də birinci və ikinci Qarabağ müharibələri nəticəsində 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onların taleyinin aydınlaşdırılmasının, eləcə də Ermənistanın kütləvi məzarlıqların dəqiq xəritələrini təqdim etməsinin davamlı sülh üçün ən mühüm humanitar şərt olduğunu beynəlxalq müstəvidə ardıcıl olaraq gündəmə gətirir.