Azərbaycan şahmatçısı Nicat Abasov Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında liderliyə yüksəlib.
Qrossmeyster ikinci turda türkmənistanlı Amanməhəmməd Hommadova qalib gəlib, üçüncü turda isə qazaxıstanlı Denis Maxnevlə heç-heçə edib. Üç turun yekununda 2,5 xal toplayan Abasov türkiyəli Arda Çamlarla eyni xala malikdir. Əlavə göstəricilərə görə Azərbaycan şahmatçısı birinci yerdədir.
Qadınların yarışında Gövhər Beydullayeva ikinci turda qələbə qazanıb, üçüncü turda heç-heçə edib. Üç turdan sonra 2,5 xalı olan şahmatçı ikinci pillədə qərarlaşıb. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdene üç xalla liderdir.
Veteranların turnirində çıxış edən Vüqar Bayramov ikinci turda özbəkistanlı İbrahim Kərimova uduzub. İlk görüşündə türkiyəli Cüneyt Merti məğlub edən Bayramov iki turdan sonra bir xalla beşinci yerdədir. Kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə keçirilir və 14 turu əhatə edir.