Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın Elm və təhsil naziri Emin Əmrullayevə zəng edib çata bilməməsi və nazirlərin vətəndaş qəbulu qaydalarına sərt etiraz etməsi ölkə gündəmində geniş əks-səda doğurub.
Deputatın "İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir" çıxışına Ağ Partiyanın sədri Tural Abbaslı "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi geniş açıqlama ilə dəstək verib.
Partiya lideri bildirib ki, məmurların nəinki sadə vətəndaşlardan, hətta millət vəkillərindən qaçması və müraciətlərə etinasız yanaşması ölkədə acınacaqlı bir ənənəyə çevrilib.
“Sayıqlığı itirib xidmətçi olduqlarını unudurlar”.
Tural Abbaslı deputatın tənqidlərinin təsadüfi olmadığını və bu problemin mütəmadi olaraq gündəmə gəldiyini vurğulayıb:
“Bilirsiniz, bu ilk dəfə belə çıxış deyil. Millət vəkilləri və yaxud başqa şəxslər aidiyyəti qurumların rəhbərlərinin qəbuluna düşə bilməmək barədə dönəm-dönəm fikir bildirirlər. Azərbaycanda belə bir ənənə var: bəlli bir vəzifəyə gəldikdən sonra həmin nazir özünü feodal, xan, bəy kimi aparır. O postda əslində xidmətçi olduğunu unudur. Daha çox öz şəxsinə, eqosuna qapılaraq nəinki sadə vətəndaşların, nəinki öz sahəsinin insanlarının, hətta millət vəkillərinin belə zənglərini götürmürlər, onları qəbul etmirlər. Hətta “Sizin işiniz qanun qəbul etməkdir, icra işinə qarışmayın” kimi absurd fikirlər bildirirlər”.

Ağ Partiya sədri qeyd edib ki, deputatların işi birbaşa şikayət həll etmək olmasa da, onlar seçicilərlə ən çox təmasda olan və vətəndaş üçün ən rahat əlçatan statusa malik şəxslərdir. Ona görə də onların nazirliklərə sərbəst çıxışı olmalıdır:
“Bu iş keyfi qərarlarla olmamalıdır: ”Emin Əmrullayevin bu deputatdan xoşu gəlir, telefonunu açım, o birindən xoşu gəlmir, bloka atım…" Belə yanaşma olmaz. Deputat təyinatlı yox, seçkili orqandır. Seçkili orqan həmişə təyinatlı orqandan üstün olub. Bəs nazir hansı statusuna görə deputatdan üstündür ki, onun telefonuna cavab verməsin?!"
Tural Abbaslı əlavə edib ki, əhali ilə ən çox ünsiyyətdə olmalı olan Təhsil, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə bağlı partiyaya da saysız-hesabsız şikayətlər daxil olur. Lakin vasitəçilik edərkən belə eyni laqeydliklə qarşılaşırlar:
“Biz siyasi partiya statusundan istifadə edib vətəndaşın problemini aidiyyəti quruma çatdıranda, nazirlik bizə təşəkkür etmək əvəzinə minnət vurur ki, “Sizə görə elədik”. Hansı ki, biz o vətəndaşı heç tanımırıq da. Əslində nazirlik sevinməlidir ki, sahəsindəki boşluğu ona göstəririk, gedib həll etsin.”
Partiya rəhbəri regionlardakı vətəndaş qəbullarının da formatına toxunaraq deputat Səyyad Aranın tənqidlərini haqlı çıxarıb:
“Dövlət qurumlarının böyük əksəriyyətinin əsas işi insan müraciətlərindən yayınmaqdır. Nazirin şəxsi qəbul günlərində belə sadə insanların qarşısına köməkçilərini, müşavirlərini, “kağız daşıyanlarını” çıxarırlar.
Regionlara səfər edəndə isə icra hakimiyyəti ilə əvvəlcədən razılaşdırıb “zərərsiz”, dinc şikayətçiləri yığırlar ki, həqiqi problemi olanlara vaxt qalmasın. Bu, ölkədə narazı insanların sayını kütləvi şəkildə artıran sayğısız bir prosesdir”.
Tural Abbaslı xaosun və narazılığın qarşısını almaq üçün sistemli mexanizmin vacibliyini vurğulayıb:
1. İşlək şikayət mexanizmi: Nazirliklərdə müraciət və onlayn/yazılı şikayət sistemi elə qurulmalıdır ki, vətəndaş birbaşa naziri axtarmağa məcbur qalmasın, məsələ aşağı strukturlarda həll olunsun.
2. Diferensial yanaşma: Millət vəkilləri, siyasi partiyalar və QHT-lərin müraciətləri üçün xüsusi, daha ciddi yanaşma qaydası tətbiq edilməlidir.
Ağ Partiya sədri sonda qeyd edib ki, qurumlar problemləri həll etmək əvəzinə, həmin nöqsanları işıqlandıran insanlara və təşkilatlara qarşı qarayaxma kampaniyası aparmaq vərdişinə son qoymalıdırlar.