“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin mövcud siyasi reallıqları, inkişaf perspektivləri və qarşıda duran strateji hədəfləri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Müsahibə dövlət başçısının cəmiyyətlə açıq dialoqa verdiyi önəmi, eyni zamanda milli maraqlara söykənən ardıcıl və prinsipial siyasətini bir daha nümayiş etdirir”.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-yə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Vasif Qafarov qeyd edib ki, Prezident İlham Əliyev müsahibədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri kompleks şəkildə təhlil edərək, bu uğurların əsasının güclü siyasi iradə, milli birlik və məqsədyönlü dövlət siyasəti üzərində qurulduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda ölkənin regional və beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib və Azərbaycan bütün platformalarda qalib və söz sahibi olan dövlət kimi çıxış edir:
“Müsahibədə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə geniş yer verilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu proses planlı, sistemli və uzunmüddətli strategiyaya əsaslanır, Böyük Qayıdış proqramı uğurla icra olunur. Yeni infrastruktur layihələri, müasir şəhərsalma konsepsiyaları və sosial obyektlərin tikintisi dövlətin vətəndaşına və torpağına olan məsuliyyətinin bariz nümunəsidir”.
Vasif Qafarov həmçinin diqqət çəkib ki, dövlət başçısının regional və beynəlxalq siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini göstərir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə konstruktiv təşəbbüslərlə çıxış etdiyini açıq şəkildə ifadə edib.
Deputat müsahibədə sosial-iqtisadi inkişaf məsələlərinə də xüsusi diqqət yetirildiyini bildirib. Dövlət başçısının əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və iqtisadi dayanıqlılığın təmin olunması ilə bağlı fikirləri göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Aparılan islahatların məqsədinin yalnız bugünkü nəticələr deyil, gələcək nəsillər üçün möhkəm təməl yaratmaq olduğunu vurğulayan Vasif Qafarov, müsahibənin dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və strateji düşüncənin bariz nümunəsi olduğunu bildirib.
Deputat yekun olaraq qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsi həm mövcud reallıqların düzgün qiymətləndirilməsi, həm də Azərbaycanın gələcək inkişaf yolunun dəqiq konturlarının ortaya qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır və ölkənin güclü liderlik və milli maraqlara əsaslanan siyasət sayəsində inamla irəlilədiyini təsdiqləyir.
Afət ZİYADQIZI