Nazirlər Kabineti 27 avqust 2004-cü il tarixli qərarla təsdiqlənmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na dəyişikliklər edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, müvafiq dəyişiklikləri nəzərdə tutan qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Qərara əsasən, ciddi hesabat blankları, bir sıra istisnalar nəzərə alınmaqla, bu blankların hazırlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap olunacaq. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının yaratdığı Hökumət Ödəniş Portalının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC-yə aid “ASAN ödəniş” informasiya sisteminin, eləcə də AZCON strukturuna daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin və “Azərpoçt” MMC-nin tətbiq etdiyi “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları bu tələbdən istisna edilir.
Dəyişikliklərə əsasən, Maliyyə Nazirliyi ilə razılaşdırılmaq şərti ilə Hökumət Ödəniş Portalı üzrə çıxarışların uçotu qaydaları Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək. “ASAN ödəniş” sistemi üzrə ödəniş çıxarışlarının uçotu qaydaları “ASAN Xidmət” tərəfindən, AZAL, ADY və “Azərpoçt”un müvafiq informasiya sistemlərinə aid çıxarışların uçotu isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənəcək.
Eyni zamanda, Qaydaların bəzi müddəalarının qeyd olunan ödəniş və informasiya sistemlərinin çıxarışlarına şamil edilmədiyi də sənəddə öz əksini tapıb. Bu dəyişikliklər ciddi hesabat blanklarının tətbiqində daha çevik və aydın tənzimləmə mexanizminin formalaşdırılmasına yönəlib.