Rusiya hakimiyyəti İrəvanın son dövrlər apardığı siyasəti, xüsusilə də Qərbə inteqrasiya cəhdlərini Moskvanın iştirak etdiyi inteqrasiya birliklərinə qarşı yönəlmiş addım kimi görür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Primakov oxuları" forumunda çıxışı zamanı bildirib.
Uşakovun sözlərinə görə, "qaydalara əsaslanan nizam" tərəfdarları Rusiyanın daxil olduğu inteqrasiya strukturlarına zərbə vurmağa çalışırlar.
O, əsrlər boyu yanaşı yaşayan və bir-birinə dəstək verən xalqların tarixini və coğrafiyasını dəyişdirməyə yönəlmiş cəhdlərin illüziya olduğunu vurğulayıb.
Kreml daha əvvəl bəyan edib ki, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya istəyi onun suveren hüququdur. Lakin rəsmi Moskva vurğulayır ki, bu proses Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin maliyyə resursları hesabına həyata keçirilməməlidir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin may ayında keçirilən mətbuat konfransında İrəvanın Aİ və ya Aİİ arasında seçim etməli olduğunu bildirmiş, hətta məsələ ilə bağlı referendum keçirilməsi ehtimalını istisna etməmişdi.
Öz növbəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Aİİ-nin tamhüquqlu üzvü olaraq qaldığını, referendumun isə yalnız obyektiv zərurət yarandıqda mümkün ola biləcəyini qeyd edib.
Aİİ-nin Astanada keçirilən sammitində isə üzv ölkələrin liderləri Ermənistanın gələcək inteqrasiya istiqaməti ilə bağlı qərarını tezliklə verməsinin vacibliyini vurğulayıblar. Putin sammitin yekununda xəbərdarlıq edib ki, Ermənistan Aİİ-ni tərk edəcəyi təqdirdə, ÜDM-nin təxminən 14 faizini itirə bilər.