Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılan Vinçentso Montella sosial şəbəkədə vida mesajı paylaşıb. O, üç il əvvəl Türkiyə yığmasına rəhbərlik etmək üçün bu vəzifəyə təyin olunduğunu xatırladıb.
İtaliyalı mütəxəssis əvvəlki federasiya rəhbəri Mehmet Büyükekşiyə və onun komandasına, futbolçulara, texniki heyətə, Türkiyə Futbol Federasiyasının hazırkı prezidenti İbrahim Ethem Hacıosmanoğluna və azarkeşlərə təşəkkür edib. Montella oyunçulardan vəzifəsinin başa çatmasından sonra çoxsaylı səmimi mesajlar aldığını da qeyd edib.
Montellanın sözlərinə görə, komanda ilə unudulmaz anlar yaşayıb, tarixi uğurlara imza atıb və çətinlikləri birlikdə dəf ediblər. O, bu xatirələri və Türkiyə xalqının ona göstərdiyi isti münasibəti hər zaman qəlbində saxlayacağını bildirib.
Mütəxəssis futbolun yalnız nəticələrdən və kuboklardan ibarət olmadığını vurğulayıb. O, Türkiyə azarkeşlərinin onu sevgi və hörmətlə xatırlayacağına ümid etdiyini deyərək, “Təşəkkürlər, Türkiyə. Qəlbimdə həmişə xüsusi yerin olacaq” sözləri ilə paylaşımını tamamlayıb.