Meta süni intellektlə işləyən cihazları daha geniş istifadəçi kütləsinə təqdim etmək məqsədilə yeni nəsil geyilə bilən texnologiyalarını açıqlayıb. Şirkət yüngül virtual reallıq (VR) eynəkləri ilə yanaşı, kamerasız smart eynəklərini də təqdim edib.
Elanlar sentyabrın 23-də ABŞ-ın Kaliforniya ştatının Menlo-Park şəhərində keçirilən “Meta Connect” konfransında səsləndirilib.
Yüngül VR eynəkləri
“Meta”nın yeni VR eynəklərinin çəkisi təxminən 100 qramdır. Cihaz ənənəvi VR dəbilqəsindən fərqli olaraq iri ölçülü eynəyə bənzər dizayna malikdir.
1 299 dollar qiymətində olacaq cihazın 2027-ci ilin yazında satışa çıxarılması planlaşdırılır. Eynəklər 5K “microOLED” displeylə təchiz olunub və göz hərəkətlərinə, əl jestlərinə və səsli əmrlərə cavab verir.
Prosessor və batareya eynəklərdən ayrılaraq cibə sığan ayrıca qurğuya yerləşdirilib. Şirkət bunun cihazın çəkisini azaltmağa imkan verdiyini açıqlayıb. “Meta”nın rəhbəri Mark Zukerberq yeni məhsulu “sıçrayış” kimi qiymətləndirib. Şirkət bununla “Apple”ın daha ağır və bahalı “Vision Pro” cihazları ilə rəqabət aparmağı hədəfləyir.
Kamerasız smart eynəklər
Şirkət həmçinin kamerası olmayan ilk smart eynəkləri – “Ray-Ban Meta Audio” modelini təqdim edib. Qurğuda musiqi dinləmək, zəng etmək və “Meta”nın “Muse” süni intellekt köməkçisi ilə qarşılıqlı əlaqə üçün mikrofonlar və dinamiklər yerləşdirilib.
Eynəklərin oktyabrın 13-də 319 funt sterlinqə, yəni 423 dollara satışa çıxarılması gözlənilir. Batareyanın işləmə müddəti 12 saata qədər olacaq.
Kamerasız modelin təqdimatı kameralı smart eynəklərlə bağlı məxfilik narahatlıqlarının artdığı vaxta təsadüf edib. Tənqidçilər insanların xəbəri olmadan videoya çəkilə biləcəyini bildirirlər.
IDC-nin tədqiqat direktoru Citesh Ubran qeyd edib ki, kameranın çıxarılması məxfiliklə bağlı bəzi problemləri azalda bilər, lakin cihazlar vasitəsilə razılıq olmadan səs yazmaq və ya ondan sui-istifadə etmək hələ də mümkündür. Onun sözlərinə görə, əsas məsələ istifadəçinin razılığıdır.
“Meta” isə kameranın çıxarılmasının yeganə səbəbinin məxfilik olmadığını, səs funksiyasının smart eynəklərdə ən çox istifadə edilən imkanlardan biri olduğunu bildirib. Bununla belə, yeni eynəklər səs yaza bildiyi üçün məxfilik məsələləri tam aradan qalxmır.
“Muse” süni intellekt köməkçisi genişləndirilir
“Meta” “Muse” süni intellekt köməkçisini smart eynəklərin bütün məhsul xətti üzrə genişləndirəcəyini açıqlayıb. İstifadəçilər səsli əmrlərlə alış-veriş edə, görüş təyin edə və müxtəlif tapşırıqları yerinə yetirə biləcəklər.
Mark Zukerberq “Muse”un eynəklər üçün “əsas interfeysə” çevriləcəyini deyib.
Şirkət dekabr ayında satışa çıxarılması gözlənilən “Meta Charm” adlı kiçik əl qurğusunu da təqdim edib. Qurğuda sensor ekran və 5G bağlantısı olacaq.
Yeni məhsullar “Meta”nın süni intellekt əsaslı geyilə bilən cihazlara daha böyük diqqət ayırdığını göstərir. Şirkət gələcəkdə eynəklərin smartfonların yerinə yetirdiyi bəzi funksiyaları öz üzərinə götürə biləcəyinə ümid edir. Lakin bu cihazlar istifadəçilərin ətraf mühiti görmək və eşitmək imkanlarını artırdıqca, məxfilik və razılıq məsələləri texnologiya üçün əsas problemlərdən biri olaraq qalır.