Azərbaycanda məktəblərdə vahid geyim qaydaları ətrafında müzakirələr davam edir. Məsələ ilə bağlı səsləndirilən fikirlərdə dünyəvi təhsil prinsipləri, şagirdlərin bərabərliyi və məktəblərdə nizam-intizamın qorunması ön plana çəkilir. Bəzi açıqlamalarda isə yaranmış vəziyyətdən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa çalışan qüvvələrin olduğu iddia edilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mövzu ilə bağlı “AzTV”-də yayımlanan süjetdə məktəbli geyimi qaydaları, valideynlərin mövqeyi və təhsil mühitində vahid geyim tələblərinin əhəmiyyəti müzakirə olunub.
“Baş örtüyünə qadağadan söhbət gedə bilməz”
Səsləndirilən fikirlərdə Azərbaycanda baş örtüyündən istifadənin ümumi şəkildə qadağan olunmadığı, məktəblərdəki geyim tələblərinin isə ayrıca məsələ olduğu vurğulanıb.
Qeyd edilib ki, dünyəvi dövlət və dünyəvi təhsil prinsipləri çərçivəsində məktəblərdə tətbiq edilən geyim qaydalarını gündəlik həyatda baş örtüyündən istifadə ilə eyniləşdirmək düzgün deyil. Bu anlayışların qarşı-qarşıya qoyulmasının müzakirələrin mahiyyətini dəyişdirdiyi bildirilib.
Açıqlamalarda ictimai narazılığın zorakılığa çevrilməsinin nə dini etiqadla, nə də hüquqi tələblərin müzakirəsi ilə əsaslandırıla bilməyəcəyi vurğulanıb.
Bununla yanaşı, baş verən hadisələrin arxasında kənar müdaxilənin və koordinasiyalı təxribatların dayandığı barədə iddialar da səsləndirilib. Lakin bu iddiaları təsdiqləyən konkret sübutlar təqdim olunmayıb.
“Heç bir uşağı belə proseslərə alət etmək olmaz”
Mövzu ilə bağlı səsləndirilən fikirlərdə valideynlərin diqqətli olmasının vacibliyi də qeyd edilib. Bildirilib ki, təhsil müəssisələri cəmiyyətdə qarşıdurma yaratmaq üçün vasitəyə çevrilməməli, uşaqlar isə hər hansı mübahisənin iştirakçısı olmamalıdır.
Çıxışlarda məktəbin uşaqların təhsil aldığı və gələcəyinin formalaşdığı mühüm məkan olduğu vurğulanıb. Ailədə aşılanan mənəvi dəyərlərin, böyüklərə hörmətin, məsuliyyətin və vətənpərvərliyin uşaqların tərbiyəsində mühüm rol oynadığı diqqətə çatdırılıb.n fikrincə, bütün şagirdlərin eyni formada olması məktəbdə nizam-intizamın qorunmasına kömək edə bilər.
Əsas məqsəd təhsil mühitində bərabərliyi qorumaqdır
Müzakirələrdə vurğulanıb ki, məktəbli geyimi ilə bağlı fikir ayrılıqları təhsil prosesinə mane olmamalıdır. Zorakılığa, təhdidə və dərslərin pozulmasına yol verilməməsi, şagirdlərin təhlükəsizliyinin qorunması əsas məsələlərdən biri kimi göstərilib.
Səsləndirilən mövqeyə görə, məktəblərdə tətbiq olunan qaydaların məqsədi təhsil mühitində nizam-intizamı və bərabərliyi təmin etməkdir. Bu baxımdan, geyim tələbləri ətrafında müzakirələrin qarşıdurmaya deyil, məsələnin hüquqi və təhsil baxımından aydınlaşdırılmasına xidmət etməsi vacibdir.