Yunanıstan Xarici İşlər Nazirliyinin və Sahil Mühafizəsi Xidmətinin rəsmilərinin verdiyi məlumata əsasən, İon dənizində Zakintos adası yaxınlığında növbəti kruiz gəmisində qeyri-adi hadisə qeydə alınıb. El Salvador vətəndaşı olan 44 yaşlı qadın “Royal Caribbean” şirkətinə məxsus “Odyssey of the Seas” səyahət gəmisində səfər edərkən açıq dənizə atılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dənizdə axtarış-xilasetmə əməliyyatlarına dəstək verən “MSC Rossella III” yük gəmisi qadını qaranlıq sularda parlamaq üçün nəzərdə tutulmuş narıncı rəngli xilasedici halqanın içərisində aşkar edib.
Gəmi heyətinin təcili xəbərdarlığından dərhal sonra əraziyə gələn Yunanıstan Sahil Mühafizəsi Xidmətinin xilasedici katerləri qadına xüsusi kəndir ataraq onu təhlükəsiz şəkildə xilasedici qayığa çıxarıblar.
Sahil mühafizəsinin rəsmi nümayəndəsi bildirib ki, qadın ilkin ifadəsində kruiz gəmisindəki səyahətini yarıda kəsmək və gəmidən düşmək istədiyi üçün özünü şüurlu şəkildə dənizə atdığını bəyan edib. Qadının açıq su hövzəsində təxminən 20 saat köməksiz vəziyyətdə qaldığı diqqətə çatdırılıb.
Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, xilas edilən sərnişin Katakolo limanına gətirilib. Prokurorluq orqanlarının tələbi ilə onun psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün yerli tibb müəssisəsinə (xəstəxanaya) yerləşdirildiyi bildirilir.
Xatırladaq ki, oxşar insident ötən il Puerto-Rikonun San-Xuan şəhəri sahillərində də qeydə alınmışdı. Həmin vaxt bir kişi təxminən 17 min dollarlıq qumar borcundan yayınmaq məqsədilə “Royal Caribbean” şirkətinə məxsus “Rhapsody of the Seas” kruiz gəmisindən dənizə tullanmışdı. Həmin sərnişin — Jey Qonzales-Dias (Jey Gonzalez-Diaz) xilas edildikdən sonra ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) əməkdaşları tərəfindən həbs olunmuşdu.