ABŞ dövlət katibi Marko Rubio Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zəyaninin ilə telefon danışığı aparıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Marko Rubio İranın Bəhreynə qarşı həyata keçirdiyi hücumları pisləyib və ABŞ-nin Bəhreynin, eləcə də Fars körfəzindəki bütün tərəfdaşlarının təhlükəsizliyini təmin etmək öhdəliyini təsdiqləyib.
Tərəflər həmçinin ABŞ və Bəhreyn arasında uzunmüddətli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Bu tərəfdaşlığın Bəhreynin NATO-ya üzv olmayan əsas müttəfiq statusuna, eləcə də Hərtərəfli Təhlükəsizlik, İnteqrasiya və Rifah Sazişinə (C-SIPA) əsaslandığı qeyd olunub.
Qeyd edək ki, noyabrın 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-nin erkən xəbərdarlıq radar stansiyasına zərbə endirdiyini açıqlamışdı. ABŞ hərbçiləri isə bu məlumatı təkzib edərək, İranın iki pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və heç bir zərərin qeydə alınmadığını bildirmişdilər.
Noyabrın 15-də SEPAH Bəhreyndəki Rifa aviabazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminə qarşı altı PUA buraxdığını bəyan etmişdi. Bəhreyn tərəfi isə bir neçə İran PUA-sının ələ keçirilərək məhv edildiyini açıqlamışdı.
Bu gün isə Şeyx İsa aviabazasına növbəti PUA hücumu qeydə alınıb. Bəhreynin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri hücumun qarşısını alıb.