Monqolustan Prezidenti Uhnagiin Xurelsux hakim partiyadan olan siyasətçinin onu 25 milyon dollar rüşvət almaqda ittiham etməsindən sonra istefa verdiyini açıqlayıb. AnewZ-in məlumatına görə, ittihamlar hökumətin dəmir yolu müqaviləsi verdiyi şirkətlə bağlıdır.
Ulan-Batorun keçmiş meri Xişgegiin Nyambaatar iddia edib ki, Xurelsux 2019-cu ildə, baş nazir olduğu vaxt bu məbləği alıb. Hakim Monqolustan Xalq Partiyasının rəqib fraksiyasına mənsub Nyambaatar bildirib ki, Xurelsux dəmir yolu müqaviləsinin müsabiqə keçirilmədən “Bodi International” konqlomeratına verilməsini təşkil edib.
“Bodi International” dövlət rəsmilərinə nağd rüşvət verdiyi iddialarını təkzib edib və onları böhtan adlandırıb.
Müxalifətdəki Demokrat Partiyası bazar ertəsi Xurelsux və digər rəsmiləri iddiaların araşdırılmasına imkan yaratmaq üçün istefaya çağırıb.
Xurelsux ittihamları rədd edib
Xurelsux ittihamları qəbul etməyib, adını təmizə çıxaracağına və nüfuzunu bərpa edəcəyinə söz verib.
“Demokrat Partiyası həqiqətin üzə çıxması üçün vəzifələrimdən istefa verməli olduğumu deyib. Mən bununla razıyam. Buna görə də Monqolustan prezidenti kimi vəzifələrimi təhvil verəcəyəm. Haqqımda araşdırma aparılacaq və şərəfim bərpa olunacaq”, – Xurelsux çərşənbə axşamı Monqolustanın dövlət xəbər agentliyi “Montsame”nin yaydığı açıqlamada bildirib.
Dəmir yolu kömür mədənlərini Çinlə birləşdirir
233,6 kilometr uzunluğundakı Tavantolqoy–Qaşuunsuxayt dəmir yolu 2022-ci ilin sentyabrında açılıb. Xətt Monqolustanın kömür hasilatı bölgəsini Çin sərhədi ilə birləşdirir.
Monqolustanın kömür ixracının təxminən 90 faizi Çinə gedir. Dəmir yolu ölkənin mədən sənayesi üçün əsas nəqliyyat əlaqələrindən biridir.
Xurelsux 2021-ci ildə prezident vəzifəsinin icrasına başlayıb. Onun istefası Monqolustan parlamenti tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.