Bakıda metro çıxışlarında və küçələrdə kolbasa və sosiska kimi ət məhsullarının açıq havada satılması qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur.
"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, çəkiliş qrupu 20 Yanvar metrosunun çıxışında apardığı müşahidə zamanı məhsulların piştaxtalarda, açıq şəraitdə satışa çıxarıldığı görüntülənib.
Satıcılar məhsulların təzə olduğunu və üzərində son istifadə tarixlərinin göstərildiyini desələr də, onların mənşəyi ilə bağlı suallara aydın cavab verilməyib.
Satıcılardan biri məhsulların haradan gətirildiyini açıqlamaq istəməyib. Digər satıcı isə kolbasaların üzərində müvafiq məlumatların olduğunu iddia edib, lakin qiymətlər barədə dəqiq məlumat verə bilməyib.
Küçədən kolbasa alanlar arasında fərqli fikirlər var. Bəzi vətəndaşlar ucuz qiymətlərə görə bu məhsullara üstünlük verdiklərini bildirirlər. Digərləri isə onların hansı şəraitdə saxlandığına və nədən hazırlandığına əmin olmadıqları üçün belə qidalardan uzaq dururlar.
Küçədən aldığı kolbasanı yedikdən sonra özünü pis hiss etdiyini deyən bir vətəndaş maddi imkanlarına görə məhsulu ucuz olduğu üçün aldığını bildirib. O, başqalarına da bu cür kolbasaları almamağı tövsiyə edib.
Qida eksperti Elşən Cəfərovun sözlərinə görə, saxlama şəraiti pozulan ət məhsulları insan sağlamlığı üçün ciddi risk yarada bilər. Onun sözlərinə görə, bəzi məhsulların tərkibində ət əvəzediciləri, nişasta və digər doldurucular ola bilər. Ekspert həmçinin belə qidaların düzgün saxlanılmaması nəticəsində qida mənşəli xəstəliklərin yaranma riskinin artdığını vurğulayıb.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, küçələrdə, yol kənarlarında və metro çıxışlarında yüksək riskli qida məhsullarının satılması hallarına rast gəlinir. Agentliyin məlumatına görə, bu cür yerlərdə çox vaxt müvafiq satış vitrinləri olmur, gigiyena tələblərinə əməl edilmir və soyuducu avadanlıqlardan istifadə olunmur.
Qurum qeyd edib ki, qida təhlükəsizliyi norma və tələblərinə əməl edilmədən ət, balıq, süd və digər riskli məhsulların küçə və yol kənarlarında satılması yolverilməzdir və insan sağlamlığı üçün təhlükə yarada bilər.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, paytaxtın Nəsimi rayonunda vətəndaşların narazılığına səbəb olan qanunsuz küçə ticarəti polis əməkdaşları tərəfindən aradan qaldırılıb. Qeyd olunan ərazidə piyadaların hərəkətinə mane olan ticarətlə məşğul şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Ucuz qiymət alıcıları cəlb etsə də, qida məhsullarının mənşəyi və saxlanma şəraiti nəzərə alınmalıdır. İstehlakçılar üzərində müvafiq məlumatlar olan, saxlanma tələblərinə əməl edilən və etibarlı satış məntəqələrindən alınan məhsullara üstünlük verməlidirlər.