“Qalatasaray”ın və Argentina millisinin keçmiş hücumçusu Mauro İkardi 11 yaşlı qızına yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur. Hadisə noyabrın 6-da Buenos-Ayresin ətrafındakı La-İsla yaşayış məntəqəsində baş verib.
Qız anasına kömək istədiyi barədə mesajlar göndərib. Ana bundan sonra polisə müraciət edib. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara ilə söhbət ediblər. Nara bildirib ki, keçmiş partnyoru onların qızını “danlayıb”. Uşaq evdən özü çıxaraq anasının himayəsinə keçib.
Gender zorakılığı ilə mübarizə üzrə prokurorluğun prokuroru Xulio Petruççi bədən xəsarəti yetirilməsi faktı ilə bağlı araşdırmaya başlayıb. O, azyaşlının məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə göstəriş verib və İkardiyə barəsində iş açıldığı barədə məlumat verib.
Futbolçu noyabrın 12-də vəkillərinin müşayiəti ilə ifadə vermək üçün prokurorluğa gedib. Müdafiə tərəfi açıqlamasında istintaqın hadisələrin yalnız bir versiyasına əsaslandığını bildirib. “Biz imtiyaz istəmirik. Biz bərabər münasibət tələb edirik”, – vəkillərin sözlərini Infobae yayıb.