“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu Portuqaliya millisində karyerasını başa vurduğunu açıqlayıb. O, sosial şəbəkədə yayımlanan videoda 7 nömrəli formanı və kapitan sarğısını gələcək nəsillərə təhvil verməyin vaxtının çatdığını bildirib.
Ronaldu bu formanın 23 il ərzində ona həm şərəf, həm də məsuliyyət verdiyini deyib. Portuqaliya millisindəki yolunun 2003-cü ilin avqustunda başladığını xatırladan futbolçu qərar verməyin asan olmadığını, bu məsələdə təkcə ağlın deyil, ürəyin də rol oynadığını vurğulayıb.
“Futbol insanlardan ibarətdir”
Ronaldu milli komandada keçirdiyi illəri yada salarkən təkcə oyunları, qolları, rekordları və kubokları deyil, insanları da xatırladığını söyləyib. Onun sözlərinə görə, millinin oyunları Portuqaliyadan kənarda yaşayan mühacirlərə ölkəni daha yaxın hiss etdirib, milyonlarla portuqaliyalı isə onun həyatının bir hissəsinə çevrilib.
Futbolçu həmişə qalib gəlməyə, ən yaxşı olmağa və tarix yazmağa çalışdığını, forma üçün əlindən gələni etdiyini bildirib. Karyerasında unudulmaz qələbələr, acı məğlubiyyətlər və uğursuzluqlar yaşadığını, bəzən xalqın gözləntilərini doğrulda bilmədiyini, lakin heç vaxt təslim olmadığını qeyd edib.
Ronaldu qolların, kubokların və rekordların zamanla arxada qaldığını, insanların qəlbində tutduğu yerin isə silinməyəcəyini deyib. O, Portuqaliyanın yeni qəhrəmanlar yetişdirməyə və zirvələrə çatmağı arzulayan gənc oyunçulara ehtiyac duyacağını əlavə edib.