Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov Ukrayna münaqişəsi üzrə Birləşmiş Ərəb Əmirliklərinin poytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan sülh danışıqları və tərəflər arasında olası təmaslar barədə açıqlama verib.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin rəsmisi Avropa nümayəndələrinin prosesə qoşulması ehtimalını şərh edərkən ilkin mərhələdə vaşinqtonla təmasların mövcudluğuna diqqət çəkib.
"Bizim amerikalılarla işçi səviyyəsində təmaslarımız var. Bu səbəbdən danışıqların ilk raundlarının məhz üçtərəfli formatda (Rusiya, ABŞ, Ukrayna) keçirilməsi məntiqlidir", – deyə Uşakov bildirib.
Uşakov, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələ biləcəyini də istisna etməyib. Kremlin köməkçisi Kiyev tərəfinin müxtəlif vasitəçilər və kanallar vasitəsilə mütəmadi siqnallar göndərdiyini iddia edib: "Zelenski danışmaq istəyir və siqnallar verir. Əgər bu qədər çox danışmaq istəyirsə, qoy Moskvaya gəlsin".
"Zelenski zəng etsə, Putin telefonu açarmı?" sualına cavab verən Uşakov Rusiya liderinin dialoqa açıq olduğunu vurğulayıb: "Düşünürəm ki, Putin zəngə cavab verəcək. Çünki Putin heç vaxt görüşməkdən və ya danışıqlardan imtina etməyib".