Konqoda Ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 3 500-ü keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Ebola virusundan 35 nəfər həyatını itirib, bununla da ümumi ölüm sayı 3 510 nəfərə çatıb.
Qeyd olunub ki, ölkədə Ebola virusuna yoluxanların ümumi sayı 7 258 nəfərdir.
Son sutkada yoluxma hallarının sayı 22 nəfər artıb, ölüm göstəricisi 48,4 faiz təşkil edir.
Hazırda xəstəliyin simptomları olan 903 nəfər xəstəxanalarda və tibbi təcridxanalarda müalicə olunur. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olanların izlənməsi səviyyəsi isə 78,6 faizdir.
Ebola epidemiyası ölkənin 26 əyalətindən 7-nə yayılıb. Hazırkı epidemiyanın episentri olan İturi əyalətində təsdiqlənmiş yoluxma hallarının 78 faizi qeydə alınıb.
Ebola epidemiyası mayın 15-də Demokratik Konqo Respublikası və Uqandada başlayıb. Bu, xəstəlik tarixində Afrikada ölüm hallarının sayına görə ikinci ən böyük Ebola epidemiyası hesab olunur.
İyulun 28-də Uqanda hakimiyyəti ölkədə Ebola epidemiyasının başa çatdığını elan edib. Avqustun 25-də isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada epidemiyanın sona çatdığını təsdiqləyib.
Ebola virusunun ən böyük epidemiyası 2014-2016-cı illərdə Qərbi Afrikada - Qvineya, Liberiya və Syerra-Leonedə baş verib. ÜST-nin məlumatına görə, həmin dövrdə virusa yoluxanların sayı 28 600 nəfərə, ölənlərin sayı isə 11 000-dən çoxa çatıb.
Hazırkı epidemiya Konqo Demokratik Respublikasında qeydə alınan 17-ci Ebola epidemiyasıdır.